• 04.11.2024
  • 895
2024–2025-ci tədris ili üzrə 7 nəfər HTP çərçivəsində Qazaxıstanda təhsil almaq hüququ qazanıb

“3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının (AR) Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol” uyğun olaraq, 7 nəfər Azərbaycan Respublikası vətəndaşı 2024-2025-ci tədris ili üzrə bakalavriat və magistratura səviyyələrində Qazaxıstanda təhsil almaq imkanı qazanıb.

Seçim barədə Qazaxıstan tərəfindən verilən yekun qərar nəticəsində sözügedən tələbələr bu ölkənin nüfuzlu ali təhsil müəssisələrindən hesab edilən “Al-Farabi Kazakh National University”, “L.N. Gumilyov Eurasian National University”, “Kazakh National Agrarian University” və “Kazakh National Research Technical University named after K. I. Satpayev” ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar. Onlardan 2 nəfəri bakalavriat, 5 nəfəri isə magistratura səviyyələri üzrə iqtisadiyyat və idarəetmə, humanitar və sosial, kənd təsərrüfatı və.s ixtisas istiqamətləri üzrə təhsil alacaq.

Bununla yanaşı, cari tədris ilində doktorantura səviyyəsində təhsil üçün namizədliyi göndərilmiş 3 nəfər AR vətəndaşının seçim mərhələsinin yekun nəticələri barədə məlumatın Qazaxıstan tərəfindən yaxın vaxtlarda elan olunması gözlənilir.

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan cari ilin 24 aprel tarixində dərc edilib.

 

 

 

Qalereya