• 08.05.2026
  • 40
HTP tələbəsinin "Azərbaycan müəllimi"nə müsahibəsi

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Qazaxıstan Respublikasının "Al-Farabi Kazakh National University" ali təhsil müəssisəsində təhsil alan Sərvan İmanov "Azərbaycan müəllimi" qəzetinə müsahibə vermişdir. Müsahibəni olduğu kimi təqdim edirik: 

 

"Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi"

 

Müasir dövrdə insan kapitalının inkişaf etdirilməsi ölkəmizdə ali təhsil sistemi qarşısında mühüm vəzifələr qoyur. Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, güclü kadr potensialının formalaşdırılması baxımından Azərbaycan hökuməti ilə bir sıra xarici ölkələr arasında bağlanmış müqavilələr əsasında həyata keçirilən Hökumətlərarası Təqaüd Proqramları (HTP) mühüm əhəmiyyət kəsb edir. Proqram gənclərimizin dünyanın nüfuzlu ali təhsil müəssisələrində yüksəksəviyyəli mütəxəssislər kimi formalaşmasına öz töhfələrini verir. Belə gənclərdən biri də Qazaxıstanın əl-Fərabi adına Milli Universitetinin magistratura səviyyəsi üzrə tələbəsi Sərvan İmanovdur.  

 
“Azərbaycan müəllimi”nə müsahibəsində S.İmanov proqramın əhəmiyyəti, Qazaxıstanda təhsil həyatı, uğurları barədə danışır. Əvvəlcə müsahibimizi oxuculara təqdim edirik.
 
– 11 avqust 1999-cu il tarixində Füzuli rayon, Böyük Bəhmənli kəndində anadan olmuşam. Orta təhsilimi 2017-ci ildə Akademik Zərifə Əliyeva adına liseydə başa vurmuşam. Elə həmin il Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisasına daxil olmuşam. 2022-ci ildə təhsilimi başa vurub, iş həyatına atıldım. Özümü, beynəlxalq humanitar minatəmizləmə ilə məşğul olan "Mines Advisory Group (MAG)" şirkətində tapdım. Həmin şirkət dünyanın ondan çox ölkəsində fəaliyyət göstərir və öz uğurlu fəaliyyəti ilə "Nobel" Sülh mükafatına layiq görülüb. Öncə tərcüməçi kimi işə başladım, işğaldan azad olunmuş ərazilərə dəfələrlə səfərlərimiz olub. Orda ermənilərin törətdiyi vəhşilikləri öz gözlərimlə gördüm. Keçmiş məcburi köçkün kimi, xalqımın üzləşdiyi bütün çətinlikləri orada hiss etdim. Daha sonra, şirkətdaxili baş tərcüməçi, daha sonra isə "Satınalma, logistika və nəqliyyat" bölməsinin rəisi vəzifəsinə yüksəldim. Ümumilikdə 3 il iş stajım var. Və özümü beynəlxalq sahədə görürəm. İş zamanı bir çox sertifikatlara layiq görülmüşəm. 5 dil bilirəm (Azərbaycan, rus, türk, inglis, alman (bir az qazax)) və yeni biliklər və dilləri öyrənməkdə, daim inkişaf etməyə can atıram. 
 
 
– Qazaxıstanda ali təhsil həyatınız necə başladı? Bu yolda Hökumətlərarası Təhsil Proqramının rolu və əhəmiyyəti barədə nə deyərdiniz?
 
– 2025-ci ilin mayında bizim şirkətin büdcəsi mühüm şəkildə azaldı və işçilər ixtisar olundu, şirkət bağlandı. Həm iş, həm təhsillə bağlı fərqli-fərqli proqramlara müraciət etməyə başladım. Həmin proqramların biri də Qazaxıstanın Hökumətlərarası Təqaüd Proqramı (HTP) oldu. Sənədlərimi topladım və müraciət etdim. Daxilimdə xoş duyğular var idi, əmin idim ki, bu istiqamət mənim üçün xeyirli-uğurlu olacaq. Bir neçə digər proqramlardan müsbət cavab məktubları aldım, lakin seçimimi Qazaxıstan üzərində saxladım. 
 
– Qazaxıstanın ali təhsil sistemi, eləcə də təhsil aldığınız universitet barədə əvvəlcədən məlumatınız var idimi? Bu ölkədə təhsil həyatınız sizi qane etdimi?
   
– Daha öncə, açığı, elə də məlumatlı deyildim, çünki maraqlanmamışdım. Lakin ölkə olaraq Qazaxıstanın irəliləyişini və inkişafı barədə məlumatlı idim. Artıq proqrama müraciət mərhələsində Qazaxıstan barədə tam araşdırma eləməyə başladım, sənədləşmə, orada təhsil, universitet və şəhər, Qazaxıstanda həyat və s. məsələləri bütövlüklə araşdırdım. Lazım olan sualları həm EATDA-ya, həm Qazaxıstanın Təhsil Nazirliyinə, həm Bakıdakı səfirliyinə yönləndirdim. Prosesin bütün mərhələlərində mənə tam dəstək olundu.
 
Düşünürəm ki, hər kəs öz araşdırmasını aparmalıdır, indiki dövrdə yaşamağımızın  üstünlüyü, məlumatlara çıxışın asan olmasıdır. Mən də bundan tam formada istifadə etdim. Sonradan Qazaxıstanın təhsil üzrə dünyada "Global Education Index" hesabatında 18-ci pillədə olduğunu, oxuduğum əl-Farabi adına Qazax Milli Universitetinin isə "QS" reytinqində 163-cü yeri tutduğunu öyrəndim. 
 
Buradakı təhsil məni qane edir. Təbii ki, hər ölkədə olduğu kimi, bəzi bürokratik məsələlər adamı yorur, amma bütövlükdə razıyam. 
 
– Əl-Farabi adına Qazax Milli Universiteti ölkənin nüfuzlu ali məktəblərindəndir. Universitetin təhsil mühiti barədə nə deyərdiniz?
 
– Təhsil mühiti çox yaxşıdır, deyərdim. Bunu həm xarici tələbələrin çoxluğu, həm universitetin elmə verdiyi dəstəklə deyə bilərəm. Universitetin kampusu çox gözəldir. Mənim fakültəmin binası başqa ünvanda yerləşir, lakin əsas korpusla əlaqəliyik. Fakültənin rəhbərliyi daim bizə dəstək verir, bunu həm universitetdaxili, həm xarici yarışlarla, konfranslarla və s. göstərir. 
 
Universitetdə təhsil həyatım maraqlı keçir. Bir sıra tədbirlərdə, bilik yarışlarında iştirak etmişəm. 
 
Cari ilin əvvəlində Kaznu Universitetinin komandasının bir parçası olaraq mən də Daşkənd Dövlət Hüquq Universitetində (Tashkent State Univeristy of Law) keçirilən Jessup Moot Court Mərkəzi Asiya (Qazaxıstan, Özbəkistan, Qırğızıstan) regional raundları çərçivəsində iştirak etdim. Mənim üçün çox maraqlı və faydalı təcrübə oldu. Qazaxıstandan 8 universitetin iştirak etdiyi yarışmada biz 5-ci yeri tutduq. Bizim komandanın yazdığı "memorial" isə ən yaxşı memorial seçildi. 15 ildən çox universitetimiz bu yarışmada iştirak etmirdi, bu bizim üçün çox böyük nəticə oldu. Qeyd edim ki, qrupumuzda ən yaxşı nəticələri mən göstərdim. Onu da deyim ki, “Philip C. Jessup Moot Court Competition” 1960-cı ildən bəri dünyanın ən böyük beynəlxalq hüquq məhkəmə yarışmalarından biridir. Burada 700 ölkədən "Hüquqşünaslıq" istiqamətində 100-ə yaxın universitet iştirak edir. BMT-nin Beynəlxalq Məhkəməsində (ICJ) iki ölkə arasında mübahisənin simulyasiyası şəklində ingilis dilində keçirilən debatda bütün dünyadan 2000-ə yaxın tələbə iştirak edir.
 
Martın 31-də Qazaxıstanın Xəzər Universitetində keçirilən “Xüsusi hüququn aktual problemləri” oxuları çərçivəsində tələbə və gənc alimlərin beynəlxalq elmi-praktik konfransında iştirak etdim. 40-a yaxın iştirakçının qatıldığı konfransda ən yaxşı spiker nominasiyasında qalib gəldim. Çıxış etdiyim mövzü: "TÜRKPA və TDT-in inteqrasiyası çərçivəsində Orta dəhliz marşrutu üzrə avtomobil nəqliyyatının logistik inkişafı üzrə beynəlxalq hüquqi əməkdaşlığın perspektivləri" idi.  
 
Aprelin 7-8 -də universitet üzrə keçirilən “Fərabi Aləmi” tələbə və gənc alimlərin beynəlxalq elmi-praktik konfransında iştirak etdim. Hər elmi sahə üzrə kateqoriyalara bölünən konfransda, mən "Beynəlxalq hüquq" kateqoriyasında I yerə layiq görüldüm. Bu mövzusu üzrə 40-a yaxın magistr tələbələri iştirak etdi. Çıxış etdiyim mövzunun adı "Siyasi dialoqdan hüquqi inteqrasiyaya: Türk Dövlətləri Təşkilatlatı və ortaq hüquqi bazanın yaradılması ehtiyacı" idi. 
 
Aprelin 21-də Qazaxıstan Respublikasının Cinayət hüququ (xüsusi hissə) üzrə Fənn olimpiadasında hakim rolunda iştirak etdim. Fakültəmizin nəzdində keçirilən yarışda 2-ci kursun tələbələri qalib gəldi. 
 
Artıq birinci təhsil ilimi yavaş-yavaş başa vururam. Mənim üçün çox maraqlı və yaddaqalan il olduğunu düşünürəm. 
 
– Beynəlxalq hüquq ixtisası sizin üçün nə dərəcədə maraqlı və cəlbedicidir? 
 
– Beynəlxalq hüquq ixtisasını seçməyimdə bir neçə məqam rol oynadı. Öncə "hüquq"un özü hər ölkədə fərqlidir  və məsələn, "Cinayət hüququ" magistraturasını Qazaxıstanda oxumağın mənim üçün heç bir marağı və mənası olmazdı. İkinci məqam mənim daha öncəki beynəlxalq şirkətdə olan iş təcrübəmin rol oynamasıdır. Üçüncüsü isə özümü beynəlxalq sahədə görürəm. Bu ya diplomatiya sahəsi və ya hər hansısa digər beynəlxalq təşkilatlarda işləmək və cəmiyyətə fayda vermək istəyidir. Mənə burada öyrədilən fənlər maraqlıdır, həmçinin müəllimlərin bir çoxu yerli xaricdə təhsil "Dövlət proqramı" olan “Bolashak” ilə dünyanın ən nüfuzlu universitetlərində təhsil almış şəxslərdir, onlardan öyrənəcək hələ çox şey var.
 
Artıq Almatı şəhərindəki Azərbaycan Səfirliyinin Nümayəndələri, diasporamızın nümayəndələri və digər yerli vəzifəli şəxslərlə tanışlıqlar qurmuşam. Diplomatiyanın əlaqələr qurmaq və onları inkişaf etdirməyi özündə ehtiva etdiyini düşünürəm. Seçdiyim diplom işi isə həm özümün marağım, həmçinin dövlətimizin prioritet inkişaf sahəsi olan “Türk Dövlətləri Təşkilatı” üzrədir. Seçdiyim mövzunun tam adı belədir: “The Organisation of Turkic States and the Development of a Common Legal Framework for Regional Cooperation”.
 
– Bu universitetdə əcnəbi tələbələrə münasibət necədir? Qeyd etmək istədiyiniz hansısa tədbirlər oldumu? Xüsusən də türkdilli ölkələrdən olan gənclərin bir arada olması və əlaqələri barədə nə deyərdiniz?
 
– Daha öncə bildirdiyim kimi, bizim universitetdə xarici tələbələrin sayı yüksəkdir. Hətta bütün Qazaxıstan üzrə bu yöndə ən böyük göstərici bizim universitetə məxsusdur. Və müvafiq olaraq da münasibət yaxşıdır. Tədbir anlamında, həm fakültədaxili, həm universitetdaxili böyük tədbirlər olur. Məsələn, Novruz bayramında, Xalqların birliyi günü və s. bu günlərdə hər ölkədən olan tələbələr öz mədəniyyətlərini nümayiş etdirir. Biz də Azərbaycanımızın adət-ənənələrini, həqiqətlərimizi xarici yoldaşlara və yerli camaata çatdırdıq. Bildiyiniz kimi, Türkdilli dövlətlərarası “Orxun” tələbə mübadilə proqramı var, bu proqramla bir neçə tələbə ilə tanış olduq. Onlarla əlaqə saxlayırıq. Mən özüm isə Qazaxıstana gəlməmişdən öncə, artıq burada təhsil alan gənclərin bəzilərini tapdım və əlaqəyə keçdim. Mənimlə eyni ildə gələn tələbə yoldaşlarımla da əlaqə saxladım, birlikdə vatsap qrupu yaratdım, onlarla mütəmadi görüşlərimiz olur, onların sənədləşmə və digər problemlərin həllində birbaşa iştirak edirəm. Həm yaşda, həm təcrübədə ən böyük olduğuma görə bunu özümə borc bilirəm. Düşünürəm ki, dünyanın istənilən nöqtəsində olan azərbaycanlılar bir olmalıdır. Güc-birlikdədir.
 
– HTP çərçivəsində xaricdə təhsil almaq istəyən gənc yaşıdlarınıza nə kimi tövsiyələriniz olardı?
 
– Əvvəla, hər- birilərini maraqlarına görə təbrik edirəm. Artıq ilk addımı atmış olurlar. Əsas məsələ araşdırma aparmaqdır. Seçdiyiniz istiqamət üzrə tam araşdırma aparın ki, sonra gedib problem yaşamayasınız. Daim inkişaf eləməyə çalışın, yeni şeylər öyrənin. Mən Qazaxıstan HTP barədə artıq “Yaddaş kitabçası”nı hazırlamışam və EATDA ilə bölüşmüşəm. Uyğun bilsələr bunu tələbə yoldaşlarla bölüşəcəklər. Bu yaddaş kitabçası, Qazaxıstan HTP ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub. Buradakı məlumatlar daha çox “Əl-Farabi adına Qazax Universiteti (KazNU)” ilə bağlıdır, lakin ümumi proses digər universitetlər ilə oxşardır. Burada olan məlumatlar daha çox qalib gəldikdən sonrakı prosesləri (həm sənədləşmə, həm qəbul, həm də bəzi digər məsələləri) özündə ehtiva edir.
 
– Gələcək planlarınız barədə nə deyərdiniz?
 
– Tamamilə gələcək fikirləri ilə yaşamağı seçmirəm, mərhələ-mərhələ baxıram və bugünkü günümlə yaşayıram, əks halda gələcək fikirləri indiki zamanımı əlimdən alacaq. Sadəcə indiki prosesdən zövq alıram. İndi olduğum yerdən məmnunam və məqsədim tam olaraq buradan ən yüksək formada hər şey qazanmaqdır. Ümumi istiqamət isə, dediyim kimi beynəlxalq mühitdə vətənimi, dövlətimi, xalqımı, özümü təmsil etmək və cəmiyyətimizə faydalı bir şəxs olmaqdır. Əminəm ki, doğru yoldayam və əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Ümidvaram ki, gələcəkdə məndən yalnız ən xoş xəbərləri eşidəcəksiniz və daim mənə göstərilən etimadı ən yüksək şəkildə doğrultmuş olacağam.
 
Hələlik isə artıq birinci təhsil ilimi yavaş-yavaş başa vururam. Mənim üçün çox maraqlı və yaddaqalan il olduğunu düşünürəm. Son imtahanlarımı verib, Vətənimə qayıdacağam.  Və yeni enerji və istəklə növbəti təhsil ilimə başlayacağam. Əminəm ki, növbəti təhsil ilim də uğurlu və müvəffəqiyyətlərlə dolu olacaq. Bir daha Sizlərə mənə göstərilən etimada və şansa görə dərin təşəkkürümü bildirirəm! 
 

 

Qalereya