– Tacikistan ali təhsil sistemi, eləcə də təhsil aldığınız universitet barədə əvvəlcədən məlumatınız var idimi? Bu ölkədə təhsil həyatınız sizi qane etdimi?
– Müraciət etməmişdən qabaq xüsusi araşdırmamı apardım. Universitet ilə əlaqəyə keçdim. Hansı imkanlar məni qarşıda gözləyir, ətraflı məlumat əldə etmişdim. Burada keçirdiyim təhsil illəri ümumilikdə məni qane etdi. Həm elmi biliklər, həm də şəxsi inkişaf baxımından zəngin təcrübə qazandım. Magistr təhsilimin 1-ci kursunu yüksək ballarla bitirdim.
– HTP çərçivəsində xaricdə təhsil almaq istəyən gənc yaşıdlarınıza nə kimi tövsiyələriniz olardı?
– Tövsiyəm odur ki, bu cür fürsətləri dəyərləndirməkdən çəkinməsinlər. Yeni ölkə, yeni təhsil sistemi və mədəniyyət insanı həm elmi, həm də fərdi baxımdan inkişaf etdirir. Dil öyrənmək, ünsiyyət bacarıqları və çevik düşüncə tərzi bu təcrübənin müsbət nəticələridir. Xüsusən fars dili üzrə təhsilini davam etdirmək istəyən tələbələr burada dil baxımından, tarix baxımından xüsusi inkişaf edə bilərlər. Ölkə çox sabit, təhlükəsiz və qonaqpərvər xalqı ilə tanınır. Hər bir tələbə üçün bu amillər düşünürəm ki, mühümdür. Hər kəs üçün asan deyil ki, ölkəsindən, ailəsindən, doğmalarından uzaqlaşıb, böyük amal uğrunda qərib ölkədə təhsil alsın. Bu yalnız istəkli tələbələr üçündür.
Tövsiyəm budur ki, heç bir zaman ümidlərinizi qırmayın. Kimlərsə, sizi bu yoldan döndərə bilər. “Ora haradır?”, “Tək nə edəcəksən?”, “Sən bacara bilməzsən!”, – kimi sözlərdən istifadə edirlər. Əgər həqiqətən böyük hədəfləriniz varsa, heç vaxt bunlara qulaq asmayın. Təbii ki, də səhvlər olacaq və böyük çətinliklərlə qarşılaşacaqsınız. Amma böyük hədəfiniz varsa, hər şeyin üstəsindən gələcəksiniz. Sizin də böyük hədəfləriniz olsa, heç zaman dayanmayacaqsınız. Daha çox dil öyrənməyə çalışın. Ümumiyyətlə, seçdiyiniz ölkənin dilini normal səviyyədə öyrənməyə çalışın. Çünki sizə çox ehtiyac olacaq. Mən fars dilini yaxşı bildiyim üçün çox az çətinliklər oldu. Unutmayın ki, əziyyət çəksəniz, onun bəhrəsini hər zaman görəcəksiniz. Bu nə qədər şablon səslənsə də, reallıqdır.
– Gələcək planlarınız barədə nə deyərdiniz?
– Gələcək planlarıma gəlincə, diplomatik sahədə fəaliyyət göstərmək və bu yolla doğma dövlətimə, Azərbaycan Respublikasına xidmət etməkdir. Xaricdə təhsil alaraq əldə etdiyim bilik və təcrübəni Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi üçün istifadə etməyi qarşıma məqsəd qoymuşam. Xüsusilə də ölkəmizi xaricdə təmsil etmək, onun tarixi, mədəniyyəti, mövqeyi və siyasi uğurları barədə obyektiv və dolğun informasiya vermək mənim üçün həm bir vətəndaşlıq borcu, həm də şəxsi arzumdur. Eyni zamanda təhsilimi doktorantura pilləsində davam etdirmək istəyirəm. Elmi istiqamətdə inkişaf edərək beynəlxalq münasibətlər, dilçilik və diplomatiya sahəsində ixtisaslaşmağı hədəfləyirəm. Uzunmüddətli məqsədim ölkələr arasında qarşılıqlı anlaşmanın formalaşdırılması üçün çalışmaq, Azərbaycan Respublikasını beynəlxalq aləmdə daha geniş və düzgün şəkildə tanıtmaqdır.
Sonda isə Tacikistanda ali təhsil arzularımın reallaşmasında bu protokolu həyata keçirilməsi üçün göstəriş verən Prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Fəxr edirəm ki, hər iki ölkə arasında imzalanan sazişin Azərbaycan tərəfindən Tacikistan üzrə seçilən ilk tələbəsiyəm. Mənə dəstək olduqları üçün ailəmə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə, HTP-ə dərin minnətdarlığımı bildirirəm.