• 30.08.2024
  • 2099
HTP çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan tələbələrlə görüş keçirilib
Avqustun 28-i Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Macarıstan, Çin və Qazaxıstanda təhsil almaq hüququ qazanan tələbələrlə onlayn görüş təşkil edilib.
 
Görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) direktoru Ülkər Səttarova, Azərbaycanın Macarıstandakı Səfirliyinin konsulu Samir Musayev, EATDA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müjdat Həsənov, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP), Azərbaycan-Macarıstan Məzunları İctimai Birliyi (AHAU), Azərbaycan-Çin Məzunları Assosiasiyasının (ACAA) İdarə Heyətinin üzvləri və digər qonaqlar iştirak ediblər.
 
Görüş zamanı Agentliyin direktoru Ülkər Səttarova ölkə rəhbərliyi tərəfindən gənclər üçün yaradılan xaricdə təhsil imkanlarından, təqaüd proqramlarının icrasının tələbələrin təhsilinə töhfəsindən bəhs edib.
 
Daha sonra Azərbaycanın Macarıstandakı Səfirliyinin konsulu Samir Musayev tələbələri konsulluq məsələləri və Macarıstana səfər zamanı diqqət etməli olduqları vacib məqamlar haqqında məlumatlandırıb. O, həmçinin Səfirliyin Macarıstanda təhsil alan tələbələrlə əməkdaşlıq sahəsindəki rolunu vurğulayıb.
 
Görüşün sonunda tələbələr təqaüd proqramları ilə bağlı fikirlərini bölüşüb, eləcə də onları maraqlandıran suallar cavablandırılıb.
 
Qeyd edək ki, 2024-2025-ci tədris ili üçün HTP çərçivəsində Rumıniya, Rusiya (“MGIMO”), Tacikistan, Türkiyə (YTB-doktorantura və tədqiqat) və Slovakiyada təhsil almaq üçün namizədliyi irəli sürülmüş şəxslərin nəticələri yaxın həftələrdə açıqlanacaq.
Qalereya