• 07.06.2024
  • 383
“Parlaq Gələcəyim” layihəsi çərçivəsində Avropa Azərbaycan məktəbində şagirdlər ilə görüş keçirilib
“Parlaq Gələcəyim” layihəsi çərçivəsində ötən illər ərzində region məktəblərinə bir sıra səfərlər edilmiş, həm onlayn, həm də oflayn formatda yüzlərlə məktəbli ilə görüşlər həyata keçirilmişdir. 
 
Sözügedən layihə çərçivəsində növbəti görüş 31 may 2024-cü il tarixində Bakı şəhərində yerləşən Avropa Azərbaycan məktəbində keçirilib.  
Açılış nitqi ilə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Xaricdə təhsil sektorunun baş məsləhətçisi Niftalı Qasımlı məktəbliləri salamlamış və onlara Hökumətlərarası Təqaüd Proqramları (HTP) və Dövlət Proqramları (DP) barədə ətraflı məlumat vermişdir.
 
Tədbirin digər qonaqları “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Koreya Respublikasının “Korea Advanced Institute of Science and Technology (KAIST)” universitetindən məzun olmuş Səyyarə Hüseynova “Uğura aparan yollar” mövzusunda, “Azərbaycan-Çin Məzunları Assosiasiyası”nın sədri Rühəngiz Həmidli “Zirvələri fəth et” mövzusunda şagirdlər üçün gələcək təhsilləri və karyeraları ilə bağlı motivasiya xarakterli təqdimatlar etmişdir.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb. 
 
Qalereya