• 21.05.2024
  • 581
“Parlaq Gələcəyim” layihəsi çərçivəsində Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyində şagirdlər ilə görüş keçirilib

“Parlaq Gələcəyim” layihəsi çərçivəsində ötən illər ərzində region məktəblərinə bir sıra səfərlər edilmiş, həm onlayn, həm də oflayn formatda yüzlərlə məktəbli ilə görüşlər həyata keçirilmişdir. Sözügedən layihə çərçivəsində növbəti görüş 17 may 2024-cü il tarixində Quba rayonunun Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyində həyata keçirilmişdir.  

Açılış nitqi ilə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Xaricdə təhsil sektorunun müdiri Peyman Almasov məktəbliləri salamlamış, onlara məqsədli olmağı və arzularına çatana kimi yorulmadan çalışmağı tövsiyə etmişdir.  

Tədbirin digər qonaqları “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İsveçrənin “International University in Geneva” universitetindən məzun olmuş Günay Muxtarova “Bu günün və gələcəyin peşələri” mövzusunda, Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Macarıstanın “Eötvös Loránd University” universitetindən məzun olmuş Fidan Məmmədli “Sürətlə dəyişən iş mühiti və yeni bacarıqlar” mövzusunda şagirdləri məlumatlandırmışdır.

Daha sonra Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının nümayəndəsi Vəfa Əhmədova “Öz istedadını kəşf et” mövzusunda çıxış etmişdir. Tədbirin sonunda məktəblilərlə interaktiv oyunlar keçirilmiş və qaliblər mükafatlandırılmışdır. 

Tədbirin təşkilində dəstək göstərən Quba-Xaçmaz Regional Elm və Təhsil idarəsinin əməkdaşı Aynurə Dadaşova sonda çıxış edərək xaricdə təhsil və bu istiqamətdə keçirilən tədbirlərin  əhəmiyyətini vurğulamışdır.

Qalereya