10 yanvar 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin (NDU) tələbələri ilə Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsil imkanları barədə onlayn görüş təşkil edilib. Görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) əməkdaşları, NDU-nun rəhbərliyi, tyutorlar və tələbələr iştirak edib.
Görüşdə agentliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin nümayəndələri Niftalı Qasımlı və Mehriban Fətullayeva Macarıstanda təhsil barədə təqdimatla çıxış edərək HTP-nin üstünlükləri, tərəfdaş ölkələr və proqram iştirakçıları barədə statistik məlumatları dinləyicilərin nəzərinə çatdırıb. Qeyd edək ki, hazırda HTP çərçivəsində Macarıstanda təhsil üçün sənəd qəbulu davam edir.
Sonra NDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə tələbələrin xaricdə təhsil imkanları barədə məlumatlandırılması istiqamətində təşkil olunan görüşlərin önəmini vurğulayıb. Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.