• 29.11.2021
  • 621
“Hökumətlərarası Təqaüd Proqramları (HTP)” tələbəsinin uğuru
Çinin Yanşan Universitetinin, Hebey vilayəti dövlət siyasətinin təhlili və tədqiqi mərkəzinin, vilayət hökumətinin İslahatlar və inkişaf tədqiqatı mərkəzinin birgə təşkilatçılığı ilə “Dövlət siyasəti və müasir idarəetmə” beynəlxalq forum - simpozium keçirilib.
 
100-ə yaxın dövlət qurumu təmsilçisinin, alimin, gənc tədqiqatçının iştirak etdiyi simpoziumda müxtəlif mövzuları əhatə edən 42 elmi məruzə dinlənilib. Onlardan 6-sı xarici məruzəçi olub.
 
HTP çərçivəsində Çin Xalq Respublikasının (ÇXR) Yanşan Universitetində doktorantura səviyyəsində təhsil alan Sadiq Qaçayev elmi məruzə ilə çıxış edərək, “Kəmər və yol” təşəbbüsü kontekstində Çin-Azərbaycan iqtisadi əlaqələrinə qısa baxış: Çin-Mərkəzi Asiya-Qərbi Asiya iqtisadi dəhlizi” mövzusunda tədqiqat işini təqdim edib. O, tarixi İpək Yolunun vacib ölkələrindən olan Azərbaycanın Çin ilə iqtisadi əlaqələrinin hazırkı vəziyyətindən, “Kəmər və yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq imkanlarından danışıb. Bu kontekstdə 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı iki ölkə arasında “Kəmər və yol”un tərkib hissəsi olan İpək Yolu İqtisadi Kəmərinin birgə təşviqinə dair imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.
 
Qeyd olunub ki, Azərbaycan coğrafi mövqeyi və iqtisadi potensialı, o cümlədən son illər müasirləşən və inkişaf edən nəqliyyat-logistika infrastrukturu ilə strategiyanın həyata keçməsində vacib ölkə kimi qiymətləndirilir. Azərbaycandan keçən nəqliyyat dəhlizləri vasitəsilə yüklərin Çindən Avropa ilə Qərbi Asiyaya və əks istiqamətə daşınması vaxt və məsrəflər baxımından daha sərfəlidir.