• 15.03.2023
  • 425
Azərbaycan Dillər Universitetində xaricdə təhsil barədə məlumatlandırma sessiyası keçirilib
Bir Könüllü” Təşkilatının və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin birgə təşkilatçılığı ilə 9 mart tarixində Azərbaycan Dillər Universitetində xaricdə təhsil ilə maraqlanan III, IV kurs və magistr tələbələri üçün “Xaricdə təhsil barədə məlumatlandırma sessiyası” keçirilib.
 
Sessiya ərzində Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Niftalı Qasımlı və həmin şöbənin mütəxəssisi Şəms Səfərəliyeva tərəfindən Hökumətlərarası Təqaüd Proqramları (HTP) - müraciət qaydaları, prioritet ixtisaslar, müsahibə mərhələsi, eyni zamanda HTP məzunları və onlarla birgə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Daha sonra “Dövlət Proqramı İdarəetmə Qrupu”nun əməkdaşı Gülnarə Məmmədova tərəfindən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” barədə tələbələrə ətraflı məlumat verilib.
Sonda tələbələri sözügedən təhsil proqramları ilə bağlı maraqlandıran suallar cavablandırılıb. 
Qalereya