• 20.12.2022
  • 319
“Parlaq gələcəyim” və “Məktəbliyə bir kitab” layihələri həyata keçirilib.
Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin təşkilatçılığı, eyni zamanda “2007-2015-ci illər üçün Dövlət Proqramı” (DP) və “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) məzunlarının dəstəyi ilə “Parlaq gələcəyim” və “Məktəbliyə bir kitab” layihələri həyata keçirilib. 
 
Layihələr çərçivəsində Biləsuvar rayonundakı Cəbrayıl qəsəbələrində yerləşən 11 məcburi köçkün məktəbində oxuyan 130-a yaxın VII-X sinif şagirdləri ilə görüş keçirilib. 
 
Görüş çərçivəsində HTP məzunu Xasay Mirzəli “Data analitikasının gələcəyi”, DP məzunu Tural Qulu “İctimai səhiyyə”, digər DP məzunu Əkbər Əliyev isə “İncəsənət sahəsində yaradılan təhsil və iş imkanları” mövzularında şagirdləri məlumatlandırıblar. 
 
Şagirdlərə düzgün ixtisas seçimi, xaricdə təhsil imkanları barədə də tövsiyələr verilib. 
 
Sonda “Məktəbliyə bir kitab” layihəsi çərçivəsində uşaqlara kitablar hədiyyə edilib və onları maraqlandıran suallar cavablandırılıb. 
 
Qeyd edək ki, layihələrin həyata keçirilməsində 20-yə yaxın DP və HTP məzunu, Azərbaycan-Britaniya Məzunları İctimai Birliyinin (AUKAA) və Azərbaycan-Çin Məzunları Assosiasiyasının (ACAA) nümayəndələri, eləcə də Nazirliyin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin, regional təhsil idarələrinin əməkdaşları, müvafiq məktəblərin nümayəndələri iştirak ediblər. 
Qalereya