• 12.12.2022
  • 538
HTP çərçivəsində Macarıstanda təhsil alan bir qrup tələbə və məzunla görüş keçirilib
Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin nümayəndələri Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin dəstəyi ilə Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Budapeşt şəhərində təhsil alan bir qrup tələbə və məzunla görüşüb. 
  
Görüşdə ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə, Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar və yeniliklər barədə tələbələrə məlumat veriblər və öz tövsiyələrini çatdırıblar.  Görüşün sonunda iştirakçıları maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb. 
Səfər çərçivəsində nümayəndə heyəti bir sıra işgüzar görüşlər də keçirib. 
  
Belə ki, Macarıstan Təqaüd Proqramının operatoru qismində çıxış edən “Tempus İctimai Fondu”nda Ali təhsilin beynəlmiləlləşməsi departamentinin rəhbəri Qabor Dabos ilə keçirilən görüşdə qarşılıqlı olaraq ayrılan təqaüd yerləri, təcrübə mübadiləsi və digər zəruri məsələlər barədə müzakirələr aparılıb. 
  
Səfərin ikinci günü Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin Macarıstan Təqaüd Proqramının departament rəhbəri səfir İstvan Perosa ilə keçirilən görüşdə müvafiq təqaüd proqramı ilə bağlı yenilənməsi gözlənilən ikitərəfli müqavilədə nəzərə alınacaq məsələlər barədə fikir mübadiləsi aparılıb. 
  
Daha sonra Nazirliyin nümayəndə heyəti “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023/24-cü tədris ili üçün təsdiq edilmiş universitet və proqramların siyahısında yer alan Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetində görüş keçirib. Bu universitetin seçilmiş bir neçə proqramında azərbaycanlıların daha yaxşı təqaüd imkanları ilə təhsil almaları üçün əlverişli şəraitin yaradıldığı, kənd təsərrüfatı ixtisaslarında təhsilin təşviqi məqsədilə qarşılıqlı təbliğatın aparılmasına ehtiyac olduğu vurğulanıb. 
  
Macarıstanın Eötvöş Lorand Universitetində (ELTE) keçirilən görüşdə isə hər iki ölkənin universitetləri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və ELTE tərəfindən Azərbaycan universitetləri üçün təcrübi təlimlərin keçirilməsi barədə razılıq əldə edilib, eləcə də beynəlxalq ikili diplom proqramlarının təsis edilməsi,  qarşılıqlı olaraq tələbə və müəllim mübadiləsinin artırılması barədə müzakirələr aparılıb. Görüşdə, həmçinin adıçəkilən universitetdə təhsil alan azərbaycanlıların akademik müvəffəqiyyətlərindən məmnunluq da ifadə olunub. 
Qalereya