• 24.08.2022
  • 1209
2022/2023-cü tədris ilində HTP çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış tələbələrlə görüş keçirilib
Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2022-2023-cü tədris ilində Macarıstan, Çin, Rumıniya və Türkiyədə (doktorantura/YTB) təhsil almaq hüququ qazanmış bir qrup tələbə ilə görüş keçirilib. 
 
Görüşdə elm və təhsil nazirinin müavini Muxtar Məmmədov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Aqil Günəşov, Xarici İşlər Nazirliyinin şöbə müdiri Günay Rəhimova, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Xıdır Kazımov, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) icraçı direktoru Rafael Hacıbəyli, "Azərbaycan - Macarıstan Məzunları" (AHAU) ictimai birliyinin sədri Mirgünay Bayramova, “Azərbaycan-Çin Məzunlar Assosiyasiyası”nın (ACAA) sədri Hikmət Zeynallı iştirak edib. 
 
Nazir müavini Muxtar Məmmədov xaricdə dövlət hesabına təhsil imkanlarının genişləndiyini, müxtəlif imkanlardan faydalanan gənclərin sayının ildən-ilə artdığını diqqətə çatdırıb. Azərbaycan gənclərinin xaricdə təhsil almasının əhəmiyyətinə toxunan nazir müavini onların ölkəmizin dinamik inkişaf prosesinə, o cümlədən Qarabağın dirçəldilməsinə töhfə verəcəklərinə əminliyini ifadə edib. 
 
Tədbirdə iştirak edən digər rəsmilər tələbələri təbrik edib və onlara təhsil alacaqları ölkələrdə Azərbaycanın mədəniyyəti, tarixi və incəsənətinin təbliği, vətənpərvərlik məsələsinin daim diqqətdə saxlanılması ilə bağlı tövsiyələrini çatdırıb. 
 
Görüşdə HTP çərçivəsində xaricdə təhsilə dair statistik məlumatlar, eyni zamanda fəaliyyətə dair videoçarx təqdim edilib. Görüşdə iştirak edən ictimai birliklər tərəfindən tələbələrə orientasiya məqsədli çıxışlar edilib.
 
Görüşün sonunda tələbələr öz fikirlərini bölüşüb, onları maraqlandıran suallarla bağlı fikir mübadiləsi aparılıb. 
 
Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə Macarıstanda 149, Çində 31, Latviyada 10, Rumıniyada 3 və Türkiyədə (doktorantura/YTB) 7 nəfər təhsil almaq hüququ qazanıb. Tələbələr təhsilini sözügedən ölkələrin aparıcı ali təhsil müəssisələrində, bakalavriat, baza ali tibb təhsili, magistratura və doktorantura səviyyələrində ölkənin iqtisadi inkişafı üçün zəruri olan ixtisas sahələrində davam etdirəcəklər. 

 

Qalereya