• 05.04.2022
  • 547
“Azərbaycan-Çin diplomatik əlaqələrinin 30 illiyi, məzunların əlaqələrdəki rolu” mövzusunda onlayn konfrans keçirilib
“Azərbaycan-Çin diplomatik əlaqələrinin 30 illiyi, məzunların əlaqələrdəki rolu” mövzusunda videokonfrans keçirilib.
 
Tədbir “Azərbaycan-Çin Məzunları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan və Çin (ÇXR) arasında qurulan diplomatik əlaqələrin 30 illiyi münasibətilə baş tutub. 
 
Tədbirdə çıxış edən İctimai Birliyin sədri Hikmət Zeynallı məzun cəmiyyətinin iki ölkə arasında əhəmiyyətli olduğunu və məzunların Azərbaycan-Çin əlaqələrinin inkişafına dəstək olacaqlarını diqqətə çatdırıb.
 
Tədbirdə çıxış edən ÇXR-nin ölkəmizdəki səfiri Qo Min iki ölkə arasında inkişaf edən diplomatik münasibətlərin vacibliyini nəzərə çatdırıb. Səfir iki ölkənin liderləri arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.
 
Azərbaycanın ÇXR-dəki səfiri Əkrəm Zeynallı da öz növbəsində diplomatik əlaqələrdə məzunların rolunun vacibliyini diqqətə çatdırıb. Həmçinin əlaqələrdə xüsusi yer tutan Çinin “Bir kəmər, bir yol” layihəsinə əsas dəstək verən ölkələrdən birinin məhz Azərbaycan olduğunu vurğulayıb.
 
Sonra Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov çıxış edərək iki ölkə arasındakı təhsil əlaqələrindən və Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində həyata keçirilən tələbə mübadiləsindən danışıb. Bu münasibətlərin dinamik inkişafına diqqət çəkən Müjdat Həsənov 2021-2022-ci tədris ilində ÇXR ali təhsil müəssisələrində HTP çərçivəsində ümumilikdə 67 nəfər azərbaycanlının hazırda təhsil aldığını qeyd edib.
 
ÇXR-də təhsil alan məzunlardan - Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev də konfrans iştirakçıları ilə fikirlərini bölüşüb, diplomatik əlaqələrdə məzunların rolundan danışıblar.
 
Tədbirdə ÇXR-də təhsil almış və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər, çinli tələbələr, habelə dövlət və özəl sektorda təmsil olunan məzunlar da iştirak ediblər.
Qalereya