• 27.12.2021
  • 1446
Macarıstan HTP 2022/2023 müraciətçiləri üçün bildiriş
Hörmətli Macarıstan HTP müraciətçiləri,
 
Bildiyiniz kimi, 2022-2023-cü tədris ili üzrə Macarıstanda Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində təqaüdlü təhsillə bağlı qeydiyyat 15.11.2021-15.01.2022-ci il tarixlərində aparılır. Sözügedən təqaüd proqramına müraciət forması və tələb olunan sənədlər barədə ətraflı məlumat müvafiq elan mətnində dərc edilmişdir.
Müvafiq dil imtahanında iştirak etmiş, lakin tələb olunan dil sertifikatını 15.01.2022-ci il tarixindən sonra əldə edəcək şəxslərin suallarını nəzərə alaraq bildiririk ki, həmin şəxslər ingilis dili biliyi sübutedici dil sertifikatının (IELTS/TOEFL/Duolingo) surətini 05.02.2022-ci il tarixinədək Təhsil Nazirliyinin elektron ərizə sisteminə yükləyə bilərlər. Həmin tarixdən sonra yüklənilmiş sənədlərin surətinin dəyərləndirilməsinin aparılması mümkün olmayacaqdır.
Məlumat üçün qeyd edək ki, Macarıstan təqaüd proqramı çərçivəsində namizədin seçilmiş proqrama uyğun dil biliyi səviyyəsi sertifikatı bakalavriat təhsil səviyyəsi üzrə IELTS sertifikat balı minimum 6.0, magistratura və doktorantura səviyyələri üzrə 6.5 və ya digər sertifikatların (TOEFL/Duolingo*-Macarıstan üzrə müraciət etdiyiniz ali təhsil müəssisəsi qəbul etdiyi təqdirdə) bu göstəriciyə ekvivalentini təşkil etməlidir.
 
Müraciətçilərə qeydiyyat prosesində uğurlar arzu edirik.