• 07.06.2021
  • 139
“Özümü diplomat kimi görürəm”
Lalə Bəndəliyeva: “Məqsədim dərin biliklərə sahiblənib dövlətimizi layiqincə təmsil etməkdir”
 
Məlumdur ki, qloballaşan dünyada hər bir ölkənin gələcəyi hərtərəfli inkişaf etmiş, yüksək səriştə və bacarıqlara malik insan kapitalının formalaşdırılmasından bilavasitə asılıdır.  Son illər dövlət başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunub. Ali təhsil sahəsində qəbul olunan mühüm qərarlardan biri dünyanın müxtəlif ölkələri ilə həyata keçirilən Hökumətlərarası Təqaüd Proqramlarını göstərmək olar. Son illərdə minlərlə gənc bu proqramlardan istifadə etmək hüququ qazanıb.  Hökumətlərarası Təqaüd Proqramının yaratdığı imkanlardan yararlanaraq xaricdə təhsil arzularını reallaşdıran gənclərimizdən biri də Lalə Bəndəliyevadır. 
 
Tanıtım. Lalə Azər qızı Bəndəliyeva  25 avqust 2002-ci ildə ziyalı ailəsində anadan olub. 2009-cu ildə Moskva şəhər 1120 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2012-ci ildə ailə Gəncə şəhərinə  köçdüyündən təhsilini Gəncə şəhər 32 nömrəli tam orta məktəbdə davam etdirib.  2020-ci ildə həmin təhsil müəssisəsini qırmızı attestatla bitirib və həmin il Təhsil Nazirliyinin təşkil etdiyi Hökumətlərarası Təqaüd Proqramı əsasında Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin  (MGIMO)  “Beynəlxalq münasibətlər” ixtisası üzrə  bakalavriat pilləsinə qəbul olub.
 
Lalə ilə söhbətimizə məktəb illərindən körpü salırıq.
 
- Orta məktəbdə çalışdığım qədər bütün fənlərə diqqət ayırmışam, lakin gələcək peşəmdə mənə daha çox faydalı ola biləcək  humanitar fənlərə  və ingilis dilinə xüsusi ilə önəm vermişəm. Böyük maraq və sevgi ilə oxuduğum fənlərdən biri də tarix idi.  Buna görə mənə bu fənni dərindən sevdirən Leyla müəllimə öz təşəkkürümü bildirirəm. Həmçinin, məktəb illərində olimpiadalarda fəal iştirak etmişəm. 2017-ci ildə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) Bakıda rus dili və ədəbiyyat fənləri üzrə keçirdiyi olimpiadada qalib olmuşam. 2019-cu və 2020-ci illərdə Gəncə Dövlət Universitetinin təşkil etdiyi xarici dil və tarix olimpiadalarında yüksək yer tutmuşam.
 
Hələ uşaq yaşlarımdan MGIMO-da təhsil almağın  xəyalını qururdum və bu sahəyə böyük marağım olduğundan gələcəkdə özümü beynəlxalq münasibətlər sahəsində çalışan diplomat kimi görürəm.
 
- Hökumətlərarası Təqaüd Proqramının təqaüdçüsü  olaraq bu  proqramın yaratdığı imkanları  necə qiymətləndirirsiniz?
 
- Hökumətlərarası Təqaüd Proqramının təqaüdünü qazanmağımı mənim üçün böyük bir şans kimi qiymətləndirirəm. Cünki  daha öncə qeyd etdiyim kimi,  hər zaman məhz bu universitetin tələbəsi olmağı arzulayırdım və bu proqram mən və mənim kimi yüzlərlə gənclərin dünyanın bir çox nüfuzlu universitetlərində təhsil alması üçün böyük imkanlar yaradır.  Biz  gənclərə göstərdiyi  qayğı və diqqət üçün dövlətimizə dərin minnətdarlığımı bildirirəm.
 
- Tələbəsi olduğunuz universitet və  seçdiyiniz ixtisas barədə məlumat verərdiniz.
 
- Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti postsovet məkanında diplomatiya üzrə yüksəkhazırlıqlı kadrlar yetişdirdiyinə görə artıq 75 ildən çoxdur ki,  bu sahədə digər universitetlər arasında liderdir.  Burada bir çox ixtisasların tədris olunmağına baxmayaraq, düşünürəm ki, seçdiyim “Beynəlxalq münasibətlər” ixtisası universitetin mahiyyətinə görə əsas ixtisaslarından biridir. Həmçinin qeyd etmək istərdim ki, MGIMO-da xarici dillərin tədrisinə xüsusi önəm verilir: hər tələbə ən az iki xarici dil öyrənir və öz istəyinə əsasən 2-ci kursdan əlavə olaraq 3-cü və daha artıq xarici dil seçə bilər. Hal- hazırda mən ingilis və italyan dillərini öyrənirəm. Ümumi olaraq tədris olunan  xarici dil sayına görə (52) universitetimiz 2010-cu ildə Ginnesin Rekordlar Kitabına daxil edilib. Bu məşhur elm ocağının məzunları arasında dünyanın bir çox ölkələrində yaşayan, yüksək vəzifələr tutan tanınmış diplomatlar, səfirlər, jurnalistlər, hüquqşünaslar var.  Həmçinin,  qürurla bildirirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də MGIMO-nun Beynəlxalq münasibətlər fakültəsini bitirib.
 
Sevdiyim, seçdiyim universitet və ixtisasda təhsil almaq, əlbəttə ki, mənə qürur hissi yaşadır. Arzum budur ki, universiteti tez bir zamanda gözəl nəticələrlə bitirib, respublikamıza qayıdım və bacardığım qədər xalqıma və millətimə xidmət edim.
 
- Pandemiya ali məktəbin işinə necə təsir edib? Təhsil aldığınız universitetdə tədris prosesi necə qurulub?
 
- Bütün dünyada olduğu kimi, təhsil aldığım təhsil ocağında da pandemiya öz izlərini buraxmışdır. Bir müddət universitet tədris proqramını distant şəkildə davam etdirmişdir. Hal-hazırda Rusiyada yaşayan tələbələr üçün təhsil əyani formada təşkil olunub, lakin xaricdə yaşayan tələbələr hələ də tədrisi distant şəkildə davam etdirir. Ümidvaram ki, sentyabr ayından pandemiya şərtlərinin daha da sadələşməsi baş verəcək  və təhsilimi əyani şəkildə davam etdirə biləcəyəm. 
 
- Bir gənc olaraq ölkəmizin beynəlxalq nüfuzunun güclənməsi baxımından  torpaqlarımızın işğaldan azad  olunması və Böyük Qələbəmiz barədə nə deyə bilərsiniz?
 
- Prezidentimiz  İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli mövqeyi sayəsində və Şəhidlərimizin qanı bahasına hər birimiz üçün müqəddəs olan, xüsusi mənəvi əhəmiyyət kəsb edən Qarabağın 28 il sonra işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi damarında Azərbaycan qanı daşıyan hər bir insan kimi məni də çox qürurlandırdı. Bu şanlı qələbə Azərbaycan xalqının qüdrətini, igidliyini, yumruq kimi bir olduğunu və haqq davasında hər zaman sonuna qədər gədəcəyini bütün dünyaya bir daha nümayiş etdirdi.
 
- Gələcək plan və hədəfləriniz...
 
- Hal-hazırda məqsədim sahəm üzrə dərin biliklərə sahiblənib, xarici dil biliklərimi təkmilləşdirərək universiteti bitirməkdir. Təhsilimi uğurlu başa vurduqdan sonra   əsas məqsədim Vətənə dönərək, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində və yaxud ölkəmizin xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərində dövlətimizi layiqincə təmsil etməkdir.
 
 
Oruc MUSTAFAYEV
 
Qalereya