• 24.12.2020
  • 765
Müsahibə - Namiq Həmdullayev: “Nüfuzlu jurnallarda məqalələr dərc etdirmək əsas prioritetimdir"

"Doktoranturadan sonrakı mərhələdə sənaye mühəndisliyi, idarəetmə elmi sahəsində elmi fəaliyyətlə məşğul olmağı düşünürəm"

 

 

Məlumdur ki, müasir dövrdə iqtisadiyyatın dayanıqlı inkişafında ali təhsilin müstəsna rolu danılmazdır.  Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda məhz ali təhsil iqtisadiyyatda davamlı inkişafı təmin edən əsas hərəkətverici qüvvə hesab olunur. Buna görə də son illər dövlət başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunub. Ali təhsil sahəsində qəbul olunan mühüm qərarlardan biri dünyanın müxtəlif ölkələri ilə həyata keçirilən Hökumətlərarası Təqaüd Proqramlarını göstərmək olar. Son illərdə minlərlə gənc bu proqramlardan istifadə etmək hüququ qazanıb.  Hökumətlərarası Təqaüd Proqramının yaratdığı imkanlardan yararlanaraq xaricdə təhsil arzularını reallaşdıran gənclərimizdən biri də Namiq Həmdullayevdir.

 

Tanıtım:  Orta təhsilini Siyəzən şəhər 2 və 4 nömrəli orta məktəblərdə alıb. 2012-ci ildə ali məktəblərə keçirilən qəbul imtahanında yüksək bal toplayaraq  Qafqaz Universitetinin (Bakı Mühəndislik Universiteti) “Sənayenin təşkili və idarə olunması” ixtisasına qəbul olub. 2017-ci ildə bakalavr təhsilinı  fərqlənmə diplomu ilə bitirib.  2017-2019-cu illərdə Pekin Elm və Texnologiya Universitetində "İdarəetmə elmi və mühəndislik" ixtisası üzrə magistr təhsili alıb. Magistr təhsili dövründə Pekində fəaliyyət göstərən yerli istehsalat şirkətlərinin birində texniki məsləhətçi kimi təcrübə proqramında da iştirak edib.

 

Hazırda 2020-2021-ci tədris ilində Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində  Pekin Elm və Texnologiya Universitetində "İdarəetmə elmi və mühəndislik" ixtisası üzrə doktorantura pilləsində təhsil alır. Eyni zamanda artıq iki ilə yaxındır ki, uşaqlar üçün STEM təhsili (elm, texnologiya, mühəndislik, riyaziyyat) verən startapların birində təlimçi, məsləhətçi kimi də fəaliyyət göstərir.

 

Məktəbdən başlayan uğur yolu

 

Namiq Həmdullayevlə söhbətimizə məktəb illərindən körpü salırıq.

- Orta məktəb kurikulumunda tədris olunan hər bir fənnin əhəmiyyətinin fərqində olduğum üçün bütün fənlərə eyni dərəcədə maraq göstərmişəm. Riyaziyyata isə sevgi mənim üçün daha başqa səviyyədə idi. Məktəb illərindən məndə intellektual oyunlara qarşı maraq yaranmışdı. Sonralar regional, universitet illərində respublika müsabiqələrində, televiziyada yayımlanan bir neçə intellektual bilik yarışlarında fərdi və komanda şəklində iştirak etmişəm. 2015-ci ildə üzvü olduğum komanda “Brain Ring” intellektual oyunun ölkə çempionluğunda 3-cü yeri qazanmışdır.

 

"Artıq bu imkandan ikinci dəfədir ki, yararlanıram"

 

-  Hökumətlərarası Təqaüd Proqramının təqaüdünü qazanmısınız. Belə bir proqramın olmasını və yaratdığı imkanları bir gənc olaraq necə qiymətləndirirsiniz?

- Magistr təhsilimi də Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində aldığım üçün, artıq bu imkandan ikinci dəfədir ki, yararlanıram. Hökumətlərarası Təqaüd Proqramının, eləcə də dövlət tərəfindən dəstəklənən digər xaricdə təhsil proqramlarının olması təqdirəlayiqdir. Bu tip proqramlar ölkədə təhsildə rəqabəti artırmaqla yanaşı, onlarla, yüzlərlə gəncə xarici ölkələrin bir sıra nüfuzlu ali təhsil müəssisələrində təhsillərini davam etdirmə imkanı yaradır, onların gələcəkdəki iş və təhsil həyatlarına öz töhfəsini verir. Başqa bir tərəfdən isə son zamanlar yüksək ixtisaslı kadrların, beynəlxalq təcrübəli mütəxəssislərin yetişməsinin ölkənin ümumi insan kapitalına öz müsbət təsirini göstərdiyinin də şahidi oluruq.

 

- İxtisasınız ölkəmiz üçün nə dərəcədə prioritetdir?

- Qeyd etdiyim kimi, magistr təhsilimi də hazırda doktorantura təhsilimi davam etdirdiyim universitetdə almışam. Təhsil aldığım sahə "İdarəetmə elmi və mühəndislik"  adlanır və bunu daha çox "Sənaye mühəndisliyi" ixtisasının məntiqi davamı kimi də qəbul etmək olar. Seçdiyim ixtisas çoxşaxəli tətbiq arealına malikdir. Hazırkı doktorantura təhsilim üçün araşdırma mövzusu olaraq, ilkin versiyada,Təchizat Zəncirinin İdarəedilməsi çərçivəsində istehsalat proseslərində planlama, nəzarət və optimallaşdırma məsələləri ilə bağlı bir tədqiqat işi olacağını düşünürəm. Doktorantura təhsilimin  başlanğıcında olduğumu nəzərə alaraq mövzuda dəyişiklik olması da qaçınılmazdır.

 

"Seçdiyim ixtisasın qlobal səviyyədə tətbiq imkanları mövcuddur"

 

- Seçdiyiniz ali təhsil müəssisəsi barədə nə deyə bilərsiniz?

- Seçdiyim universitet mühəndislik sahəsində, xüsusilə materialşünaslıq sahəsində Çində yüksək nüfuza sahibdir. Bununla yanaşı, universitet digər elmlər, idarəetmə, iqtisadiyyatla mühəndislik sahələri arasında sıx əlaqə yaradan proqramlar da həyata keçirməkdədir. Çin Təhsil Nazirliyi tərəfindən universitetlərdə inkişaf və innovasiyanı təmin edən bir sıra proqramlar var ki, universitet də bura cəlb olunub. Bu proqramların müsbət təsirini son 5 ildə universitetin beynəlxalq səviyyədə reytinqinin kəskin artma tendensiyasında açıq-aşkar görmək mümkündür.

 

"Tədris iki modulda fəaliyyət göstərir"

 

- Pandemiya dövründə təhsil aldığınız universitetdə tədris prosesinin təşkili barədə nə deyə bilərsiniz? Tələbələr üçün nə kimi imkan və güzəştlər var?

- Çində, xüsusilə də Pekində yoluxma halları artıq nadir hallarda müşahidə olunduğu üçün vəziyyət əvvəlki kimi kritik deyil. Çin hökuməti effektiv mübarizə tədbirləri nəticəsində 2-3 ay ərzində vəziyyəti nəzarət altına ala bilmişdi. Əlbəttə, burda əhalinin korporativ olması, nəzarət məqsədilə istifadə olunan texnologiyaların mövcudluğu və digər imkanlar bu tədbirləri kifayət qədər asanlaşdırırdı.

 

İlk vaxtlarda bir çox tədris müəssisələri mərhələli şəkildə onlayn tədris formasına keçid etmişdi. Hal-hazırda isə pandemiya ilə bağlı tədris sistemi demək olar ki, iki modulda fəaliyyət göstərir. Universitet şəhərciyi daxilində qalan tələbələr normal şəkildə dərslərdə iştirak etdiyi halda, şəhərcikdən kənarda yaşayan, eləcə də pandemiyaya görə öz ölkələrini tərk edə bilməyən tələbələr dərslərə onlayn qoşula bilir. Universitet personalı mövcud vəziyyəti nəzərə alaraq tələbələrə hər cür köməkliyi və dəstəyi göstərir.

 

"Xarici tələbələr üçün çoxlu sayda təqaüd imkanları yaradırlar"

 

 - Magistr və doktorantura təhsilini Çində alan bir gənc kimi Çinin ali təhsil sistemi barədə fikirlərinizi bilmək istərdik.

- Çin ali təhsil sistemini və onun elementlərini mütəmadi dəyişən və inkişaf edən şəkildə təsvir edərdim. Dövlət tərəfindən universitetlərə qarşı ciddi şəkildə qayğı, maliyyələşmə bunun əsas səbəblərindəndir. Təhsildə innovasiya və inteqrasiyanı üstün tutaraq mütəmadi olaraq qərbin nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq edirlər. Universitetlər bir sıra beynəlxalq konfranslara ev sahibliyi edir, xarici tələbələr üçün çoxlu sayda təqaüd imkanları yaradırlar. Artıq 30-a yaxın Çin universiteti dünya universitetlərinin sıralamasında ilk 500-lüyə, 6 universitet isə ilk 100-lüyə düşə bilib. Bunlar da özlüyündə buradakı ali təhsilin beynəlmiləl xarakterli olması istiqamətində atılan addımların bariz nümunəsidir.

 

"Pandemiya bir çox texnoşirkətlər üçün imkanlar yaratdı"

 

- Necə bilirsiniz, indiki pandemiya şəraiti təhsildə İKT texnologiyalarının inkişaf etdirilməsi zəruriliyinə necə təsir etdi?

- Şəxsi təcrübəmdən onu qeyd edə bilərəm ki, pandemiya dövrü bir çox texnoşirkətlər üçün imkanlar yaratdı. Əlbəttə, bu imkanlar bir sıra innovasiyalarla bazarda özlərinə tələb və maraq yarada bildilər. Eləcə də Çində Silikon Vadisi sayağı texnoparklar mövcuddur ki, onların hazırladıqları tətbiqetmələr universitetlər, digər tədris müəssisələri tərəfindən uğurla istifadə olunmaqdadır. Həmin universitelər artıq qeyd etdiyim texnoşirkətlərlə əməkdaşlıq edərək öz texnologiyalarını inkişaf etdirməyə, tədris sisteminə uyğunlaşdırmağa başlayıblar. Mövcud şəraitdə daha effektiv, interaktiv tədris metodlarının inkişafının labüdlüyü, ümumilikdə bu tip texnoloji innovasiyaların ortaya çıxması, xüsusilə də təhsil sahəsində tətbiq olunması birbaşa pandemiya ilə bağlıdır.

 

Hamımız üçün şərəfli, qürurverici anlar...

 

- Bilirsiniz ki, Azərbaycan hazırda özünün şərəfli tarixini yaşayır. Çindən torpaqlarımızın işğaldan azad olunmasını və Böyük Qələbəmizi necə izlədiniz?

- Təəssüflər olsun ki, ölkəmizin bu şərəfli tarixində fiziki olaraq orada iştirak edə bilməsəm də, mütəmadi olaraq xəbərlərlə o anları mən də yaşayırdım. Bu, hamımız üçün şərəfli, qürurverici anlar idi. Bildiyiniz kimi, proseslər virtual aləmdə informasiya müharibəsi şəklində də öz əksini tapırdı. Mən, eləcə də Çində təhsil alan, yaşayan, Çinlə əlaqəsi olan hər bir azərbaycanlı öz çinli və digər ölkələrdən olan dostlarımızla həqiqətləri paylaşır, ölkəmiz barədə onları məlumatlandırırdıq. Şanlı qələbəmizin şahidi olmaq, insanlarımızın eyni amal uğrunda həmrəyliyini görmək təsviredilməz qədər sevindirici, fərəhverici bir duyğudur.

 

- Gələcək plan və hədəfləriniz barədə nə deyə bilərsiniz?

- Yaxın gələcəkdə araşdırma mövzularım əsasında nüfuzlu jurnallarda məqalələr dərc etdirmək əsas prioritetimdir.  Doktoranturadan sonrakı mərhələdə isə Sənaye mühəndisliyi, İdareətmə elmi sahəsində elmi fəaliyyətlə, konsultasiya ilə məşğul olmağı düşünürəm. Bundan əlavə, hazırda STEM təhsili üzrə əməkdaşlıq etdiyim startapla olan təcrübəmdən gələcəkdə yerli model formalaşdırmağı planlayıram.

 

- Sizə hədəflərinizə çatmaqda bol uğurlar arzulayırıq!

 

Oruc MUSTAFAYEV

"Azərbaycan müəllimi" qəzeti

 


 

news-detail