• 02.09.2020
  • 1387
Macarıstan HTP (2020-2021) tələbələrinin nəzərinə !
Hörmətli Macarıstan HTP tələbələri!
 
Macarıstan Respublikasının “Tempus Public Foundation” tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxil olan bildirişi diqqətinizə çatdırırıq.
Bildiyiniz kimi, Macarıstan Hökumətinin 408/2020.(VIII.30.) saylı sərəncamı ilə 1 sentyabr tarixindən etibarən ölkə ərazisində yeni qaydalar tətbiq edilir. Sərəncamda ölkə sərhədlərinin (bəzi istisnalar olmaqla) xarici vətəndaşların girişi üçün bağlandığı qeyd olunur. Lakin Macarıstan ali təhsil müəssisələrindən qəbul alan tələbələr yeni qaydalara əməl etmək şərti ilə Macarıstana gələ biləcəklər. “D” növlü vizaya və ya (90 gündən çox) müvəqqəti yaşama icazəsinə sahib olan xarici tələbələr, Macarıstan vətəndaşlarına şamil edilən qaydalara əməl etmək məcburiyyətindədirlər. Macarıstana giriş üçün qoyulan əsas qaydalar aşağıdakı kimidir:
1. Tələbələr təhsil ölkəsinə getmədən qəbul olduqları universitetlə əlaqə saxlamalı və xüsusi arayış üçün müraciət etməlidirlər (certificate of student status). Həmin arayış müvafiq məlumatlarla doldurulmalıdır və ölkəyə giriş edərkən özləri ilə götürməlidirlər.
2. Bütün tələbələr sərhədkeçmə məntəqələrində tibbi müayinədən keçməlidirlər.
3. Xarici ölkələrdən Macarıstana gələn bütün tələbələr icbari 14 günlük karantin şəraitində qalmalıdırlar.
4. Karantindən çıxmaq üçün 5 gün ərzində 48 saat aralıqla 2 PCR testindən (yalnız Macarıstanda edilən testlər qəbul edilir) neqativ cavab çıxmalıdır. Bu o deməkdir ki, tələbələr ən azı 5 gün ən çoxu 14 gün karantin rejimində yaşamalıdır.
5. PCR testləri “Tempus Public Foundation” tərəfindən təmin ediləcəkdir. Lakin bu yalnız Universitetin təyin etdiyi laboratoriyada edilən testlərə şamil edilir. Kənarda edilən testlərin xərci qarşılanmayacaqdır. Macarıstan HTP çərçivəsində təhsil alan tələbələrin test vermə prosesi mərkəzləşdirilmiş şəkildə təşkil olunacaqdır. Ali təhsil müəssisələri bu barədə tələbələrə əlavə məlumat göndərəcəkdir.
6. Tələbələr ali təhsil müəssisələri ilə əlaqə saxlamalı və Macarıstana giriş etdikdən 24 saat ərzində onlara göndərilən arayışda qeyd olunan yataqxanalara gəlməlidirlər.
7. Tələbələrə 14 gün ərzində qaldıqları yeri tərk etmək qadağandır (test vermək üçün verilən icazələr istisna olmaqla). Qaydalara əməl olunması müvafiq icra hakimiyyəti orqanları tərəfindən nəzarət olunacaq və qayda pozuntusu aşkar edildikdə tələbənin təqaüdçü statusunun itirilməsi ilə nəticələnəcəkdir.